Qəribə Ev - qısa hekayə
Bu qısa hekayəni random bir zamanda yazmışdım, burada da paylaşmaq istəyirəm. Xoş oxumalar!
Bugün bir qadınla görüşdüm. Məndən biraz sonra gəlmişdi. Gözlədilməyi sevmirəm. Kiçik bir kafedə oturub söhbət etməyə başladıq. Müxtəlif mövzulardan bəhs edirdi, lakin onu tam anlaya bilmirdim. Yenə də başımı mehribanlıqla tərpətdim. Qapqara saçlarını yana atmışdı. Kirpikləri ox kimi, gözləri qara idi, dik oturmuşdu. Simasında insana rahatlıq verən bir təbəssüm vardı. Lakin diqqətimi cəlb edən əsas şey: danışarkən tez-tez saata baxması idi.
Sonra birdən ayağa qalxdı və onunla dostunun evinə getməyi təklif etdi. Bu ani təklif qarşısında biraz duruxdum, amma başqa işim yox idi, ona görə də qəbul etdim. Kafedən çıxarkən özümü qəribə hissetdim. Tezliklə bu hissi özümdən uzaqlaşdırdım. Yeni insanlarla tanış olmağın nəyi pisdir?
O qabaqda, mən də arxasınca yol kənarilə gedirdik. Gedəcəyimiz yerə olan marağım daha da artmışdı, çünki artıq şəhərin kənarındaki dar cığıra girmişdik. Dostunun evinə niyə gedirdi? Dostu kim idi? Bu qadınla harada tanış olduğumu düşünməyə çalışdım, lakin düşüncələrim bulanıq idi, xatırlaya bilmirdim.
Dayandı, dayanmasilə mən də düşüncələrimdən ayrıldım. İri bir malikanənin həyətinə gəlmişdik. O qapıya tərəf yönəldi, lakin mən hələ yerimdə donub qalmışdım- bura mənə heç də yad deyildi. Dejavu olduğunu düşündüm, çünki bura heç vaxt gəlmədiyimə əmin idim. İçəri rahatlıqla girmişdik. Evdə gəzməyə başladıq. Mən buranı tanıyırdım... Necə və niyə olduğunu bilmirəm, amma əminəm ki, bu adi bir dejavu deyil. Mən qonaq otağında gəzərkən o mətbəxə keçdi, nə isə axtarırdı.
Evin dizaynı sadə olsa da, özünəməxsus idi. Pərdələr o qədər sıx idi ki, evin içinə işıq sızmırdı. Yerə sərilmiş köhnə xalçaların üstündə qəhvəyi mebel vardı. Havada kif qoxusu hiss olunurdu, divarlar sadə və bəzəksiz idi. Masada sönüb qurtarmış şamların qalıqlarını görmək olardı. Otağı aydınladan tək şey- eyni zamanda səssizliyi pozan televizor idi. Ekranda qarışıq şəkillər yer dəyişdirir, rənglər sayrışırdı.
Baxışlarım əşyalar arasında var-gəl edərkən birdən otağın küncündəki güzgüyə sataşdı. Tozlanmışdı, buna görə də əlimə keçən ilk parçanı götürüb onu silirdim ki, kitab rəfinin güzgüdəki əksi diqqətimi çəkdi. Əl işinə bənzəyirdi, sanki illərdir toxunulmamış kimi idi, kitablar üst-üstə yığılmışdı.
Rəfə yaxınlaşdım. Çərçivəli şəkilləri görəndə ev sahibini tanıyacağıma ümid edərək birini götürdüm. Lakin bunu gözləmirdim: şəkildə evin sahibi olduğunu güman etdiyim adamın üzü qaralanmışdı. Sonra fikirləşdim. Bəlkə bir xanımın evinə gəlmişdik? Mən niyə bir kişi olduğunu düşündüm ki?! Bəlkə də, ev tanış olduğundandır. Bəlkə də, ev dostlarımdan birinindir, nə vaxtsa gəldiyim üçün yadlıq çəkmirəm.
Kitablardan birinin əlfəcini üzərində incə naxışlar vardı və bu, rəfdəki ən qalın kitab idi. Əlfəcinin qoyulduğu səhifəni açdım: 49-cu səhifə - “Çarəsiz xəstəliklər”
Mövzunun başlığı narahat etdiyi üçün kitabı bağlayıb yerinə qoydum.
O mətbəxdən çıxanda nə axtardığını soruşdum. Cavab vermədi və pilləkan boyunca sürətlə yuxarı qaçdı. Təəccüb qarışıq qorxuyla onun arxasına düşdüm. Uzun koir qapının qabağında durmuşdu. Açmağımı istədi. Ciftə ilişdiyi üçün güc tətbiq etməli oldum. İkinci cəhddən sonra içəri daxil ola bilmişdik.
Və qapını açanda gördüyüm mənzərə qanımı dondurmuşdu. Yatağın üzərində MƏN uzanmışdım. Amma yataqdakinin üzü ağappaq və gözləri yumulu idi. Gözlərim qaraldı, dəhşətə düşmüşdüm. Burada nə baş verirdi? Qorxu bütün bədənimi ələ keçirərkən məntiqli düşünməyə çalışırdım. Geriyə qanrılanda qadının əlində bıçaq olduğunu gördüm. Nəfəsim sürətləndi, ürək döyüntülərimi boğazımda hiss edirdim. Nə etmək istəyirdi? Və mən burada olarkən necə eyni anda yataqda da olurdum?
Yatağa yaxınlaşdı. Gözlərim bərəlmişdi. Onu dayandırmağa çalışsam mənə hücum edə bilərdi, amma yataqdakına da bir şey olmasına da icazə verə bilməzdim.
Ətraf zil qaranlığa qərq olmuşdu. Tərləmişdim, əllərim əsirdi. Bir tərəfdən olanları anlamağa çalışır, bir tərəfdən də onun əlindən bıçağı necə alacağımı düşünürdüm. Yatan adamla mənim bənzədiyimizi bilir, yoxsa mən dəli olmuşam? Bunu əvvəldən planlamışdı? O bıçaqla nəyə nail olmaq istəyir axı? Orada son gördüyüm şey onun parlayan gözləri idi. Hərisliklə məni başdan aşağı süzdü və əlindəki bıçağı endirməzdən əvvəl mənə gülümsədi, qışqıraraq “Şirin yuxular!” dedi.
Və hər tərəfə qan sıçradı...
***
Gözlərimi yumdum, başımı yuxarı qaldırdım. Birdən otağa ağ xalatlı bir qadın daxil oldu.
- Bəli, otaq 49.
Dərmanlarımı verdikdən sonra yanımda oturdu, xəfif təbəssüm dolu nəzərlərlə məni süzdü:
- Bugün nələr etmisən?
- Bugün çölə çıxmayıb.- Tibb bacısı dilləndi.
- Ondan soruşdum!
Və mən başıma gələnləri ona danışmağa başladım:
- Bugün bir qadınla görüşdüm...
Yorumlar
Yorum Gönder